İman Həqiqətlərinin

Əhəmiyyəti

İman Həqiqətləri Imanın Qazanılmasına Vəsilə Olar


İman həqiqətləri, insanların iman etmələrinə vəsilə olan ən əhəmiyyətli səbəblərdən biridir. İman etməyən adam dərin bir qəflət içindədir. Ətrafındakı yaradılış dəlillərini görə bilməz. İçində yaşadığı cəmiyyətin dindən uzaq quruluşu səbəbiylə zehni gündəlik həyatın təfərrüatları ilə boğulmuş, hissləri və şüuru ətrafındakı saysız yaradılış həqiqətini fərq edə bilməyəcək dərəcədə zəifləmişdir. Halbuki, belə bir insana, səmimi və vicdanlı olması şərti ilə, iman həqiqətləri izah edildiyi təqdirdə, Allahın varlığına və birliyinə, canlı-cansız hər şeyi Allahın yaratmış olduğuna iman etməsi, Allahın sonsuz elmini və qüdrətini görməsi umulur. İman həqiqətləri, vicdanlı, lakin inkarçı təlqinlər səbəbiylə həqiqətlərdən xəbərsiz qalmış kəslərin Allahın izni ilə imana qovuşmaları üçün çox əhəmiyyətli bir vəsilədir.

Dünya bir imtahan yeri olduğu üçün, hər kəsi iman etməyə məcbur edəcək, insanın vicdanı ilə imanı seçməsinə fürsət buraxmayacaq dərəcədə bir möcüzə gözləmək səhv olar. Məsələn, yerə atdığımız toxum bir neçə saniyə içində nəhəng bir ağaca çevrilsə şübhəsiz, böyük bir maraq oyandıracaq və bu hadisəyə şahid olan kəslər tərəfindən böyük bir möcüzə olaraq qiymətləndiriləcəkdir. Ancaq milyardlarla ağac, bu dəyişikliyi yavaş-yavaş keçirdikləri üçün bu vəziyyət ilk baxışda insanlar üzərində möcüzəvi bir təsir meydana gətirməz.

Başqa bir nümunə üzərində düşünək. Orta hesabla 60-70 il içində yaşlanan insan bədəninin, bir anda gözlərinin qarşısında yaşlandığını fərz edin. Yeni doğulan bir körpə bir neçə dəqiqə içində sürətlə böyüyərək inkişaf etsə, yetkinləşsə və yaşlansa əlbəttə ki, bu təəccüblü bir hadisə olar və buna şahid olan insanları düşünməyə sövq edərdi. Amma burada buna diqqət edək; eyni hadisə indi də yaşanır; tək fərq aradakı zamandır. Eyni möcüzəvi hadisənin fərq edilə bilməyəcək dərəcədə yavaş reallaşması; diqqəti, şüuru və təfəkkürü zəif olan insanlar üçün adi bir hadisə kimi görünür. Halbuki, bu hadisə də həqiqətdə tamamilə bir möcüzədir. Bu möcüzəni fərq etmək üçün isə səmimi və vicdanlı bir baxışla hadisənin təfərrüatlarını araşdırmaq, bu təfərrüatlardakı yaradılış hikmətlərini, incəlikləri görmək lazımdır.

Qəflət içindəki insanların bilmədikləri bir həqiqət vardır; öz bədənləri də daxil ətraflarındakı və kainatdakı hər şeyin bir yaradılış möcüzəsi olduğu ... Quranda insanlar bu mövzuda belə xəbərdar edilmişdir:


Məgər Allahın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da Allah onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət vardır. (Zumər surəsi, 21)


Məhz iman həqiqətlərinin təfərrüatlı olaraq izah edilməsinin əhəmiyyəti də bu nöqtədə ortaya çıxar. Qəflət içindəki insanların, hər gün ətraflarında olub bitən, lakin fərqinə varmadıqları bir çox yaradılış dəlilini, mükəmməllikləri bütün təfərrüatlarıyla onların gözləri önünə sərmək, bu kəslərin qəflətlərinin dağılmasında son dərəcə təsirli olar. İllərdir hər kəsin görməyə alışdığı və bir çox kimsənin üzərində düşünməyə zəhmət etmədiyi bir çox iman həqiqətinə insanların diqqəti çəkilsə bu, imanı şüurun yerləşməsinə, vicdanların oyanmasına və küfrün batil təlqinlərinin yox olmasına səbəb olar.

İman həqiqətləri qarşısında vicdanının səsini dinləyən insanın ilk ağlına gələn, bunların təsadüfən və ya özbaşına meydana gələ bilməyəcəyi olacaq. Bütün bunları yaradan üstün güc sahibi Allahın varlığını anlayacaq və Ona iman edəcək.

İman Həqiqətləri Imanı Dərinləşdirər



İman həqiqətlərini yalnız Allah inancı olmayan kəslərin deyil, iman edən insanların öyrənməsi və üzərində təfəkkür etməsi də son dərəcə əhəmiyyətlidir. Allah Quranda möminlərə, kainatda yaratdığı dəlillər üzərində dərin-dərin düşünmələrini əmr edərək iman həqiqətlərinin əhəmiyyətini vurğulayır.

İman etmiş bir mömin, namaz qılmasının, oruc tutmasının və digər ibadətlərini yerinə yetirməsilə yanaşı dərin bir təfəkkürə də sahib olmalıdır. Quranda diqqət çəkilən "göylərdəki və yerdəki" yaradılış dəlilləri üzərində dərin təfəkkür etmək, möminin imanının artmasına, qəti olaraq iman etməsinə vəsilə olur. Bir Quran ayəsində Allahın yer üzündəki dəlillərinin qəti olaraq iman etməyə yönəltdiyi belə bildirilir:

Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz? (Zəriyət surəsi, 20-21)


Ayədə açıq şəkildə ifadə edilir ki, insanın öz nəfsindəki və yer üzündəki iman həqiqətləri qəti olaraq inanmağa vəsilə olacaq. Qəti məlumata əsaslanan bir iman da insanın Allah qorxusunun artmasını, bu səbəbdən Allahın əmr və qadağalarını daha şüurlu və dəqiq bir şəkildə yerinə yetirməsini təmin edəcək. Yaradılış dəlilləri üzərində dərin təfəkkür sahibi olan bir kimsə, ibadətlərini huşu içərisində yerinə yetirərkən, artıq etdiklərini Allahın gördüyünü və yaxşılıqlarının qarşılığında Allahın onu mükafatlandıracağına qəti qənaət gətirmişdir. Eyni şəkildə etdiyi ən kiçik səhvi də Allahın bilməsi onu tövbə etməyə və səhvlərindən tez zamanda vaz keçməyə yönəldəcək.


Allah Quranda iman edənlərə belə səslənir:

Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)


Ayədə bildirildiyi kimi, insanların, özlərini Allaha yaxınlaşdıracaq vəsilə axtarmaları, qurtuluşu ummaları üçün bir yoldur. İman həqiqətləri də möminlərə, Allahın varlığı və sifətləri haqqında daha dərin bir qavrama və anlama, Allaha daha çox yaxınlaşma təmin edən səbəblərdir. Məsələn, Allahın yaratdığı canlıları araşdırmaq, onlardakı mükəmməl quruluş və sistemləri müşahidə etmək və bunlar üzərində düşünmək, Allahın sonsuz elminə və gücünə daha yaxından şahid olmağı təmin edəcək.

Məsələn; insan bədənindəki möhtəşəm quruluşları öyrənən adam Allahın varlığının və sənətinin açıq dəlillərini görəcək, öz bədəni daxil hər şeyin Allahın əsəri olduğunu və hər an Allahın nəzarəti altında olduğunu anlayacaq. Eyni zamanda acizliyini fərq edərək Allaha daha da yaxınlaşacaqdır. Allaha duyduğu bu yaxınlıq səbəbiylə Onun rizası və rəhmətini qazanmağa daha çox yönələcək. Məsələn; bəlkə daha əvvəl boş keçirdiyi zamanlarını artıq Allahın razılığını daha çox qazanmağa ayıracaq, ibadətlərini daha şövqlü bir şəkildə yerinə yetirəcək.

Nəticə olaraq iman həqiqətləri səthi və təqlidi bir imandan, təhqiqi (qəti məlumatla, sarsılmaz) və qüvvətli bir imana keçiddə çox əhəmiyyətli rol oynayar.

İman Həqiqətləri Küfrün Təlqinlərini Yox Edər


Hazırda yaşadığımız dövr, ateistlərin və din düşmənlərinin, insanlara Allahın varlığını və birliyini inkar etdirmək üçün çox böyük səy gösdərdikləri bir dövrdür. Buna qarşı Allah, inkarçıların səhv və azğın fəlsəfələrini yerlə bir edəcək imkanları və dəlilləri də iman edənlərə təqdim etmişdir. Bu dəlillərin əvvəlində iman həqiqətləri gəlir.

Allahı inkar edənlərin irəli sürdükləri ən böyük cəfəngiyyat, canlı-cansız hər şeyin təsadüflər nəticəsində meydana gəldiyi iddiasıdır. İnkarçıların yaymağa çalışdıqları bu batil təlqinin qırılması və ört-basdır etməyə çalışdıqları yaradılış əlamətlərinin gün işığına çıxması üçün, ətrafımızdakı iman həqiqətlərini müasir elmin əsasında araşdırmaq və bunları da insanlara izah etmək tələb olunur. Canlılardakı möhtəşəm quruluşları, kainatdakı fövqəladə sistemləri və milyardlarla həssas tarazlığı bunun sayəsində bütün açıqlığıyla görən vicdanlı insanlar, bunların təsadüfən meydana gələ bilməyəcəyini və hər şeyi üstün güc sahibi olan Allahın yaratmış olduğunu anlayacaqlar. Beləcə, inkarçıların yaymağa çalışdığı "təsadüf" iddiası, ayədəki "... Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur." (İsra surəsi, 81) ifadəsinin də xəbər verdiyi kimi yox olacaq.


Digər tərəfdən, iman həqiqətlərinin məlumatından məhrum bir insanın isə, dinsizlik təlqinlərinə qarşı son dərəcə həssas hala gələcəyinə diqqət etmək lazımdır. Bunun yaşanmış bir çox nümunəsi var. Yaxın tarixə baxdıqda, mühafizəkar bir ailə quruluşundan gələn, uşaqlığında dini tərbiyə almış bir çox insanın, lisey və ya universitet illərində, ətrafında gördüyü, yoldaş olduğu bəzi kəslərin təlqinləri ilə sürətlə inancını itidiyi müşahidə edilir. Bunun səbəbi, ateistlərin öz batil inanclarına "ağıl və elm" bəzəyi vermələridir. Özlərini təbiət və kainat haqqında hər şeyi bilən, həyatın qaydalarını qavramış, həqiqətlərini həll etmiş kəslər olaraq qələmə verərlər. Bu yolla, mühafizəkar bir nəsildən gələn, ancaq iman həqiqətlərindən xəbərsiz olan və buna görə "təhqiqi" yəni qəti məlumata əsaslanan bir imana sahib olmayan insanları təsir altına alaraq aldada bilərlər.

Halbuki, iman həqiqətlərini bilən bir insan, ateistlərin yalanlarını, saxtakarlıqlarını asanlıqla analiz edər və çürüdər. Həm özünə, həm də ətrafındakı digər insanlara fayda verər. İman həqiqətlərindən xəbərsiz olmaq, bir insanı ateistlərin yalanlarına qarşı müdafiəsiz hala gətirərkən, iman həqiqətlərini bilmək, qavramaq və izah etmək dindar insanı hər cür inkarçı fəlsəfəyə qarşı fikrən üstün edər.

İman Həqiqətləri Allahı Gərəyi Kimi Təqdir Edə Bilməyi Təmin Edər


İman həqiqətləri üzərində dərin düşünmək və Allahın bunlarda əks olunan sifətlərini görmək Allahı çox daha yaxşı və yaxından tanımağı təmin edəcək. Allahı daha yaxşı tanımağa, hər an hər yerdə Onun təcəllilərini görməyə başlayan insan da qazandığı bu üstünlük sayəsində Allahın qüdrətini layiqincə təqdir edən bir vəziyyətə gələcəkdir.

Məsələn; iman həqiqətləri üzərində əldə edilən dərin bilik və təfəkkür nəticəsində insan bu həqiqəti çox daha yaxşı qavrayar: Dünya üzərində yaşayan milyardlarla insan və yaşadıqları hər an Allahın bilgisi və nəzarətindədir. Bir bədəndəki trilyonlarca hüceyrə, dünyadakı milyardlarla insanın bədənləri və kainatdakı bütün canlılar, Allahın diləməsiylə mövcuddur və varlıqlarını davam etdirirlər. Hər hərəkətləri Allahın diləməsiylə reallaşır və Allahın idarəsi altındadır. Belə bir sistemin davam etməsi üçün sonsuz bir güc, sonsuz bir məlumat, sonsuz bir ağıl və zəka lazım olduğu açıqdır. Məhz yalnız bu həqiqət üzərində təfəkkür etmək belə Allahın sonsuz sifətlərinə daha yaxından şahid olmağı və Allahın sonsuz gücünü gərəyi kimi təqdir edə bilməyi təmin edər.

Quranda Allah kiçik bir milçəyi belə bir iman həqiqəti olaraq nümunə verdikdən sonra, bu həqiqətlərdən xəbərsiz olanların, Allahın qüdrətini layiqincə təqdir edə bilmədiklərindən bəhs edir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Həcc surəsi, 73-74)


Digər Quran ayələrində də iman həqiqətləri üzərində düşünməyən kəslərin vəziyyətindən bəhs edilərkən bu kəslərin Allahdan qorxmadıqları ifadə edilir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz! (Yunis surəsi, 31-32)


Ayələrdən aydın olduğu kimi, iman həqiqətlərini araşdırmaq və öyrənmək, bunlar üzərində haqqı düşünmək, Allahın canlı-cansız bütün varlıqlar üzərində hər an davam edən mütləq nəzarət və hakimiyyətini qəti olaraq anlamağa vəsilə olmalıdır. Və bu anlayış da, Allaha qarşı tam bir təslimiyyəti özü ilə gətirəcək. Bədənindəki kompleks sistemləri və bunlardakı həssas tarazlıqları bilən və üzərində düşünən bir mömin, qüsursuz şəkildə işləyən bu sistemləri meydana gətirən ağılın, bədənin özünə aid olmadığını anlayar. Bilir ki, bədən dediyi şey, şüuru, duyğu orqanları, düşünmə qabiliyyəti olmayan atomların meydana gətirdiyi hüceyrələr birliyidir. Bu təfəkkürün nəticəsində insan bədənindəki hər bir hüceyrəyə, hətta hər bir atoma qədər hər şeyin Allahın əmri və istəyiylə hərəkət etdiyinə qəti qənaət gətirər. Heç bir hadisənin heç bir mərhələsində şansa ya da təsadüfə yer olmadığını anlayar.


Ancaq Elm Sahibləri Allahdan Gərəyi Kimi Qorxarlar


İman həqiqətləri üzərində tədqiqat aparıb məlumat əldə etmək, bunlar üzərində düşünmək zaman keçdikcə dərin bir elm təcrübəsi təmin edər. Bu məlumat təcrübəsinə sahib olan insanlar, daha əvvəl də bəhs etdiyimiz kimi, Quranın tərifiylə "elmdə dərinləşən" və ya "elm sahibi" olan kəslərdir. Elm sahibləri dərin təfəkkür etdikləri iman həqiqətləri ilə Allahın hər yeri əhatə-etdiyinə, Ondan başqa ilah olmadığına qəti olaraq şahidlik edərlər:

Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir. (Ali İmran surəsi, 18)

Elm sahibi olan insanlar Allahın öz üzərlərindəki və ətraflarındakı təcəllilərini hər an müşahidə edərlər. Məsələn; kiçik bir qarışqanın, qarışqa koloniyasında özünə verilən vəzifəsi heyranedici bir itaətkarlıq və məharətlə yerinə yetirdiyini, yuvasına yemək daşımaq üçün mükəmməl və planlı bir iş sisteminə sahib olduğunu bilən elm sahibi bir insan rast gəldiyi hər qarışqada Allahın üstün ağlının və qüdrətinin təcəllisini görür.

İman həqiqətləri üzərində dərindən düşünərək Allahı daha yaxından tanıyan elm sahibləri, Allahın güc və qüdrətinin böyüklüyünü daha yaxşı qavrayarlar. İman sahibi hər insan Allahın güc və qüdrətinin fərqindədir. Ancaq, iman həqiqətləri mövzusunda çox məlumatı olmayan insanlar, məsələn uçan bir quş gördükləri zaman yalnız, "Allah nə gözəl yaratmış" demənin kafi olacağını düşünürlər. Halbuki, elm sahibləri quşların qanadlarının uçmağa uyğun yaradıldığını, daha az enerji sərf etmək üçün "V" şəklində ucduqlarını, tüklərindəki kompleks dizaynı bilirlər. Qısacası bir quşun, uçmasından çoxalmasına, tüklərinin şəklindən rənginə qədər hər şeyi Allahın üstün bir nizam və dizaynı içində yaratdığının şüurundadırlar. Və ya belə insanlar yeni dünyaya gəlmiş bir körpəyə baxıb "nə gözəl bir körpədir, Allah uzun ömür versin" deməklə kifayətlənərlər.


Əlbəttə, bir insanın bir körpəyə baxanda Allahı xatırlaması da gözəl bir davranışdır. Ancaq daha gözəl və daha dərin olan, bu körpənin inkişaf mərhələləri üzərində düşünüb, bunların hamısını yaradanın Allah olduğunu, Allahı təsbih etməyi, Allaha şükür etməyi xatırlamaqdır. Necə ki, elm sahibləri o körpənin dünyaya gələnə qədər keçirdiyi mərhələlərdəki möcüzəvi tərəflərini düşünürlər. Tək bir sperma hüceyrəsinin özündən çox uzaqda olan yumurta hüceyrəsinə çatmasındakı fövqəladəliyi görür, iki ayrı bədəndəki bu iki ayrı hüceyrənin bir-biriylə tam bir uyğunlaşma içində birləşərək, zaman ərzində görən, eşidən, düşünə bilən bir insana çevrilməsindəki mükəmməlliyi xatırlayarlar. Bu mükəmməl yaratma sənətinin nümunələri üzərində düşündüklərini, Allahın üstün gücü və elmi qarşısında imanları artar. Allahın hər təzahüründə Allahın sifətlərini güclü bir şəkildə hiss edən elm sahiblərinin Allahdan duyduqları qorxu da eyni nisbətdə artar və güclənər. Necə ki, elm sahiblərinin bu xüsusiyyəti -daha əvvəl də ifadə etdiyimiz kimi- Quranda belə xəbər verilmişdir:

Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır. (Fatir surəsi, 28)


Elm sahibləri Quranda belə üstün xüsusiyyətlərlə təriflənmişlər. Bütün möminlər də Quranda təriflənən bu elm sahiblərinin mərtəbəsinə yüksəlməyə çalışmalıdırlar. Bunun üçün də, yaşadıqları hadisələri, qarşılaşdıqları varlıqları bir iman həqiqəti olaraq görüb qiymətləndirmələri və bunlar üzərində təfəkkür etmələri lazımdır.


İman Həqiqətləri, Insanın Düşüncə Qabiliyyətini Açar



İman həqiqətlərini öyrənmək, bunların üzərində düşünmək, hikmət və incəliklərini qavramaq, insanın düşüncə qabiliyyətini açması baxımından da çox əhəmiyyətlidir.

Dövrümüzdə insanlar sıx şəhərlərin boğucu atmosferində, vahid və qəlibləşmiş bir həyat içində yaşayır, Allahın hər an hər yerdə yaratdığı iman həqiqətlərini görmür, görsələr də üzərindən keçib gedirlər. Halbuki, iman edən bir insan üçün hər şey iman həqiqətidir. Yer üzündəki canlı-cansız bütün varlıqları, kainatdakı nizamı Allahın yaratdığını bilən insan hər şeyi buna görə qiymətləndirir. Məsələn, iman etməyən insanlar da bir mömin üçün bir iman həqiqətidir. Çünki Allah Quranda belə insanların var olacağını bildirmişdir. Həmçinin, Allahın varlığı açıq-aşkar ikən bu insanların iman etməməsi, möminin Allah qorxusunun artmasına və imanı üçün Allaha şükür etməsinə vəsilə olur. İman həqiqəti olaraq yalnız ağacları, çiçəkləri, ya da heyvanların heyrətverici xüsusiyyətlərini düşünməz. Onun üçün Allahın yaratdığı asanlıqlar məsələn daşıma vasitələri, cib telefonu, ya da kompyuter də iman həqiqətidir. Bunların da Allahın izni ilə var olduğunu bilir və işlərini asanlaşdırdığı üçün Allaha şükür edər.


Ətrafımızda asan şəkildə rast gəlinən gərgin, qəzəbli, bezmiş, düşüncəsiz, kobud və hörmətsiz davranışlar, hər şeyi Allahın yaratdığından xəbərsiz olan cahil insanlara aiddir. Halbuki, hər şeyi iman həqiqəti olaraq qiymətləndirən, bunlar üzərində düşünən bir insan, mənəvi baxımdan inkişaf edər və dərinləşər.

Allah, bu mənəvi dərinlik və qavramadan uzaq olan, yalnız dar qəliblər və sadə məntiqlər içində düşünən insanlara Quranda "Bədəvi" ləri nümunə göstərmişdir. Bədəvilər, Peyğəmbərimiz dövründəki şəhərli ərəblərin müqabilində, köçəri həyat sürən qəbilələrdir. Şəhərli ərəblər ədəbiyyat və estetika mədəniyyətlərinə sahibkən, bədəvilər cahil, sərt və kobud təbiətli bir cəmiyyətdir. Belə bir təbiət dinin qavranması və yaşanması üçün böyük bir maneədir. Onun üçün Allah Quranda bədəvilər üçün belə buyurmuşdur:

Bədəvilər kafirlik və münafiqlik baxımından daha betər, Allahın Öz Elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyllidirlər. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 97)


"Bədəvi xarakteri", cəhaləti, düşüncəsizliyi, kobudluğu təmsil edir. Bu xarakteri müalicə etmək üçün insanların, mədəni, dərin düşünən, Allahın yaradılışındakı üstün sənəti və hikmətləri qavraya bilmək üçün məşğul olmaları lazımdır. İman həqiqətlərini araşdırmaq, öyrənmək, düşünmək və şərh etmək isə Allahın bizdən istədiyi bu mədəniyyətin əsasıdır. Bir ayədə, müsəlmanın bu xüsusiyyəti belə təsvir edilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)


Nəticə: İman Həqiqətləri Allahın Mərhəmətindən Cənnətinə Və Axirətdə Yüksək Dərəcəyə Qovuşmağa Vəsilə Olur


İman həqiqətlərinin, insanların Allahı daha yaxından tanıyaraq Ona iman etmələrinə vəsilə olduğunu buraya qədər müxtəlif istiqamətləriylə müzakirə etdik. Eyni zamanda iman edənlərin imanlarını artırdığından, sarsılmaz bir imanı qəlblərə yerləşdirdiyini, Allahı gərəyi kimi təqdir etməyi təmin etdiyindən də bəhs etdik. İman həqiqətlərinin öyrənilməsi və təfəkkür edilməsi nəticəsində qazanılan bütün bu vəsflər möminin Allah qorxusunun artmasını, Allahın əmr və qadağanlarını çox daha şövqlü və şüurlu bir şəkildə yerinə yetirməsini təmin edər. Bu səbəbdən, Allahın rəhmətinə qovuşmasına vəsilə olarlar. Allahın rəhməti bu dünyada xeyir, bərəkət, gözəllik, ağılın artması, elm və hikmət verilməsi, hüzur, sevinc və xoşbəxtlik verilməsi, nemət verilməsi kimi ehsanlardır. Axirətdə isə əbədi cəhənnəm əzabından qurtuluş, sonsuz cənnət nemətlərinə və Allahın davamlı rizasına qovuşmaqdır.

İmanın dərəcəsinə görə cənnətdə qovuşulan dərəcələr də fərqli fərqlidir. Bu səbəblə, iman həqiqətlərində dərinləşərək, Allahın sonsuz sifətlərinə daha yaxından şahid olan və bunun nəticəsində qəti məlumata əsaslanan (təhqiqi), şəffaf və üstün bir imana sahib olan möminlərin cənnətdəki məqamları da Allahın izni ilə eyni nisbətdə üstün olar. (Ən doğrusunu Allah bilir.)

İman həqiqətlərini araşdıran, öyrənən möminlər, sahib olduqları dərin təfəkkürləri və içləri titrəyərək Allahdan duyduqları qorxu səbəbiylə, Allahın izni və istəyilə, cənnətlərdə yüksək dərəcələrlə mükafatlandırılacaqlar:

Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, namaz qılar və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. Məhz onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır. (Ənfal surəsi, 2-4)


 << GERİ